Cəsarət Əhmədov: “Vətən, səndən yoxdur!”

Artıq xəbər verildiyi kimi, 13-21 oktyabr 2018-ci il tarixlərində Türkiyənin Antalya şəhərində Qol güləşi üzrə 40-cı və Para-armrestlinq üzrə 21-ci dünya çempionatı keçirilir. Dünya Armrestlinq Federasiyasının (WAF) təsdiq etdiyi proqrama uyğun olaraq, oktyabr ayının 14-də Antalya şəhərində yerləşən “Kremlin” otelində WAF-ın növbəti konqresi keçirilmişdir.
44174434_2173921822892973_7476783028560199680_n

44088700_2173921856226303_6879928070728318976_n

44151695_2173921932892962_235347118145929216_n
Konqresdə bir çox digər məsələlərlə yanaşı 2022-ci ildə keçiriləcək Qol güləşi üzrə 44-cü dünya çempionatına Azərbaycanın ev sahibliyi etməsi məsələsi də səsverməyə çıxarıldı. Məsələ ilə bağlı Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov çıxış etdi.
Çıxışın məzmunu WAF-ın əməkdaşı İrina xanım tərəfindən konqresin iştirakçılarına çatdırıldı. Bundan sonra səsvermə keçirildi. Konqresdə iştirak edən 81 ölkədən 80-ni leyhinə səs verərək Azərbaycanın namizədliyini dəstəklədi.

Beləliklə, 2022-ci ildə Azərbaycan bu idmanın tarixində ilk dəfə olaraq, Qol güləşi üzrə dünya çempionatına ev sahibliyi edəcək!
Bu möhtəşəm nailiyyət münasibətilə ölkəmizin bütün idman ictimaiyyətini ürəkdən təbrik edirik!
WAF-ın növbəti konqresi öz işini başa vurduqdan sonra Azərbaycana qayıdan Cəsarət Əhmədov izləyicilərimizlə bəzi fikirlərini bölüşdü:
“Mən artıq 10 ildir ki, Azərbaycan Qol Güləşi Federsiyasının prezidenti, son üç ildə isə, həm də Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti olaraq getdiyim bütün xarici ölkələrdə Vətənimizi, dövlətimizi ləyaqətlə təmsil edirəm. Bu gün mən WAF-ın konqresində növbəti dəfə bir çox fikirlərlə qarşılaşdım. Buna görə də üzümü Azərbaycanda və bütün dünyada yaşayan soydaşlarımıza tutub deyirəm. Vətənşüvən olmayın, vətənsevər olun! Vətənsevər insan real olaraq öz Vətəni üçün, dövləti üçün ləyaqətlə çalışmalıdır. Hansı postu, vəzifəni tutmasından asılı olmayaraq, Vətən sevgisini ləyaqətlə yaşatmalıdır. Mən müxtəlif ölkələrdə olduqca bir daha əmin oluram – bizim ölkəmizdən, bizim xalqımızdan, bizim dilimizdən gözəli heç yerdə yoxdur. Bu ölkəni, bu milləti sevərək yaşamaq və yaşatmaq lazımdır. Hər bir kəs tutduğu vəzifədə, sahib olduğu postda ölkəsinə və millətinə şərəf və ləyaqətlə xidmət etməlidir. Bu gün mən bir daha əmin oldum: Vətən, səndən yoxdur!
Mən inanıram ki, möhtərəm Ölkə Prezidentimiz bundan sonra da ölkəmizə şərəf və ləyaqətlə xidmət edən, Vətən üçün işləyib çalışan bütün idman federasiyalarına böyük dəstək verəcək. Öz növbəsində bu federasiyalar da ölkəmizə hətta bəzi diasporlardan daha böyük xidmətlər göstərəcəklər. Mən özüm həm Azərbaycan Qol Güləşi Federsiyasının prezidenti, həm də Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti olaraq hər zaman ölkəmə təmannasız xidmət etmişəm və bundan sonra edəcəyəm.
Allah Azərbaycan dövlətini də, Azərbaycan xalqını da sevir və biz məhz bu sevginin sayəsində bundan sonra daha böyük uğurlara imza atacağıq!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir