Azərbaycan idmanına ağır itki üz verib!

Bu gün, 02 aprel 2018-ci il tarixində, Azərbaycan Qol Güləşi Federasiyasının üzvü, qol güləşi üzrə 14 qat dünya və 14 qat Avropa çempionu Minabəddin Qurbanov dünyasını dəyişib.

 

002 003 004

????????????????????????????????????

 

Minabəddin Ziyaddin oğlu Qurbanov 1956-cı ildə, aprel ayının 4-də Xaçmaz rayonunun Yalama kəndində anadan olmuşdu. Ömrünün böyük bir hissəsini idmana həsr etmiş Minabəddin Qurbanov, həm də uşaq və gənclərimizin fiziki tərbiyyələri məsələsilə birbaşa peşəkar kimi məşğul olurdu. Belə ki, o, ömrünün sonunadək Yalama kənd orta məktəbində idman müəllimi işləmişdir.

Azərbaycanın idman ictimaiyyətinə, xüsusilə də qol güləşi idman növünün pərəstişkarlarına “Qafqaz pələngi” kimi də yaxşı tanış olan Minabəddin Qurbanov dəfələrlə yaxın-uzaq xarici ölkələrdə doğma Azərbaycanımızın bayrağını ən yüksəyə qaldırmış, ölkəmizin himnini səsləndirmişdir. Müxtəlif illərdə  ABŞ-da, Rusiyada, Braziliyada, Norveçdə, Polşada, Bolqarıstanda, Litvada, Macarıstanda, İtaliyada, Türkiyədə və digər ölkələrdə keçirilmiş qol güləşi üzrə dünya və Avropa çempionatlarında “Qafqaz pələngi” dəfələrlə fəxri kürsünün ən yüksək pilləsinə qalxmış, doğma Azərbaycanımızın beynəlxalq idman aləmində nüfuzunun yüksəlməsi işinə sədaqətlə xidmət etmişdir. Ümumilikdə isə, Minabəddin Qurbanov ölkəmizə ən mötəbər beynəlxalq yarışlardan 60-dan artıq medal qazandırmışdır.

Azərbaycanda qol güləşi idman növünün inkişafında danılmaz xidmətləri olmuş Minabəddin Qurbanovun əziz xatirəsi hər birimizin ürəyində əbədi olaraq yaşayacaqdır.

Mən, ilk növbədə şəxsən öz adımdan, həmçinin Avropa Armrestlinq Federasiyasının rəhbərliyi adından, Azərbaycan Qol Güləşi Federasiyasının rəhbərliyi, əməkdaşları və üzvləri, eləcə də çoxsaylı idmançılarımız adından Minabəddin Qurbanovun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və hər birimizin bu ağır itkidən son dərəcə kədərləndiyimizi bildirirəm.

Allah rəhmət eləsin!

Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti,                                                                                  Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti                              Cəsarət Əhmədov

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir