Azərbaycan Qol Güləşi Federasiyasının bütün nümayəndəliklərinə, bütün idmançılara və qol güləşi həvəskarlarına Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun müraciəti
Əziz dostlar!
Artıq elan olunduğu kimi, dekabr ayının 24-də, Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında qol güləşi üzrə Ölkə Kuboku yarışı keçiriləcəkdir. Əslində Gənclər və İdman Nazirliyi tərəfindən bu yarışın başqa bir idman kompleksində keçirilməsi təklif olunmuşdu. Lakin, xüsusilə bölgələrdən gələn idmançılarımızın rahatlığını düşünərək mən, federasiya rəhbəri olaraq, belə qərar verdim ki, Kubok yarışının keçirilməsi üçün məhz AzMİU-nun idman zalı öz yerləşməsinə görə daha münasibdir. Bu səbəbdən həmin zalın icarə haqqını da öz şəxsi vəsaitim hesabına ödəyərək, yarışımızın orada keçirilməsi barədə universitetin rəhbərliyi ilə razılıq əldə etdim.
Xüsusi olaraq diqqətinizə çatdırmaq istəyirəm ki, Ölkə Kuboku ilə eyni tarixdə keçirəcəyimiz İlin yekunu tədbiri münasibətilə, yarışa qatılacaq bütün idmançılar üzvlük haqqının ödənilməsindən azad olunurlar. Yarışın keçirilməsilə bağlı tələb olunan bütün digər məsrəflər də mənim şəxsi vəsaitim hesabına ödəniləcək.
Mən vəzifə üçün çalışmıram! Mən Allahım üçün çalışıram, Vətənimiz üçün çalışıram, xalqımız üçün çalışıram, dövlətimiz üçün çalışıram, idmanımız üçün çalışıram!
Bir daha Ölkə Kuboku yarışında hamınıza uğurlar diləyirəm!
Qoy hər zaman ədalətli və dürüst keçirilən yarışımızda ən güclülər qalib gəlsin!
Bir cavab yazın