Qol güləşçilərimiz Avropa çempionatında ilk medallarını əldə ediblər!

Xəbər verildiyi kimi, hazırda Polşanın Katovitsa şəhərində Qol güləşi üzrə XXVII Avropa çempionatı keçirilir. Bu mötəbər yarışa 12 idmançı ilə qatılmış yığma komandamız artıq ilk uğuruna imza atmışdır. Belə ki, Azərbaycan Qol Güləşi Federasiyasının idmançıları 40-a yaxın ölkədən 700-dən artıq idmançının iştirakı ilə keçən çempionatın ilk günündə artıq 2 qızıl, 1 gümüş və 2 bürünc olmaqla 5 medal qazanmışlar. Aşağıda XXVII Avropa çempionatındakı ilk medalçılarımızın adlarını təqdim edirik:
1. Hüseyn Əmənli – gənclər (21 yaş) – (65 kq) – qızıl medal;
2. Minabaddin Qurbanov – senyor grand master – (+100kq) – qızıl medal;
3. Emin Rəhimov – yeniyetmələr (18 yaş) – (70 kq) – gümüş medal;
4. Ramazan Rüstəmov – gənclər (21 yaş) – (65 kq) – bürünc medal;
5. Neymət Vəkilov – gənclər (21 yaş) – (60 kq) – bürünc medal.
Qeyd edək ki, çempionatın ilk günü yığma komandamız üçün daha bir məqamla da əlamətdar olmuşdur. Belə ki, həmin gün həm Azərbaycandan, həm də digər ölkələrdən olan qalib idmançılara qazandıqları medallar Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov tərəfindən təqdim olunmuşdur.
Biz isə, başda Azərbaycan Qol Güləşi Federasiyasının rəhbərliyi olmaqla, bütün məşqçilərimizi və idmançılarımızı bu yüksək nailiyyət münasibətilə təbrik edirik! İnanırıq ki, bu gözəl başlanğıc öz davamını alacaq və qol güləşçilərimizin əldə etdikləri medalların sayı çempionatın sonunadək bir qədər də artacaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir