Cəsarət Əhmədov: Hamımız güclü Azərbaycanımızı dünyada ən yüksək səviyyədə təmsil etməyi bacarmalıyıq
Bakı, 20 mart, AZƏRTAC
Gənc güləşçilərimizin 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında əldə etdikləri nəticə həqiqətən də böyük nailiyyətdir. Uzun illər idman sahəsində çalışan bir insan kimi, mən bunu tam məsuliyyətlə deyirəm. 34 Avropa ölkəsinin iştirak etdiyi yarışda 7-si qızıl olmaqla, 16 medal əldə etmək və komanda hesabında birinci yerə layiq görülmək həqiqətən də böyük uğurdur.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Avropa Qol Güləşi Federasiyasının vitse-prezidenti Cəsarət Əhmədov deyib.
C.Əhmədov bildirib: “Biz Vətən sevgisini ulu öndər Heydər Əliyevdən öyrənmişik. 1995-ci ildə Azərbaycan idmanının inkişafının əsasını qoyan Ulu Öndər hər zaman həm uşaqlara, həm gənc nəslə, həm də yaşlılara xüsusi hörmətlə yanaşar, hər kəsə xüsusi diqqət göstərərdi. Bizim də borcumuz bu ənənəni yaşatmaqdır. Biz vətən sevgisini, dövlətçiliyi yaşlı nəsildən öyrənmişik. Əgər biz bu gün gənclərin də bizdən nəsə öyrənməsini istəyiriksə, bu zaman bütün sahələrdə, eləcə də idmanda yaşlı nəslin nümayəndələrinə hörmət və diqqətlə yanaşmalıyıq. Biz yaşatmalıyıq ki, özümüz də yaşayaq”.
“Bu gün Ulu Öndərin siyasətini ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev uğurla davam etdirir. Mən hər zaman çalışmışam ki, ədalətli çıxışlar edim, ədalətli qərarlar verim. Gəlin baxaq, nəzər yetirək – haqqında danışdığımız Avropa çempionatında iştirak edən 34 ölkədən hansı birinin dövlət başçısı öz idmançılarını yarışdan sonra qəbul edib, onların çıxışlarını belə yüksək qiymətləndirib? Bunlar, yalnız Azərbaycanda baş verib. Güləş Federasiyasının inkişafı üçün Azərbaycan Prezidentinin fondundan 1 milyon manat vəsait ayrılıb. Bu həm böyük maddi dəstək, həm də mənəvi stimuldur. Əlbəttə ki, idmançıların da borcu bundan sonra daha çox çalışmaq, daha yüksək nəticələr əldə etmək və Prezidentimizin ətrafında daha sıx birləşməkdir. Biz hamımız ölkəmizin gəncliyinin bundan sonra daha sağlam, daha ədalətli və daha vətənpərvər ruhda formalaşması üçün var gücümüzlə çalışmalıyıq. Hər birimiz güclü Azərbaycanımızı dünyada ən yüksək səviyyədə təmsil etməyi bacarmalıyıq. Çünki Uca Allahın bizə bəxş etdiyi gözəl bir ölkənin vətəndaşlarıyıq “, – deyə Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti əlavə edib.
Bir cavab yazın