Federasiya haqqında
Biz birlikdə güclü Azərbaycanıq
Azərbaycan Qol Güləşi Federasiyası (AQGF) 2009-cu ildə təsis olunduğu ilk gündən, federasiyanın prezidenti Cəsarət Əhmədov məhz bu şüarı öz fəaliyyətinin əsas istiqaməti kimi müəyyənləşdirmişdir. Milli vətənpərvərlik və dövlətçiliyimizə sədaqət prinsiplərini hər zaman əldə rəhbər tutan Cəsarət Əhmədov rəhbərlik etdiyi kollektivi və federasiyanın ətrafında birləşən idmançıları da ilk növbədə məhz bu amalların daşıyıcıları olmağa çağırır.
Xarici ölkələrə etdiyi səfərlər zamanı qatıldığı beynəlxalq tədbirlərdə də AQGF prezidenti hər zaman Azərbaycan dövlətçiliyinin təbliğini diqqət mərkəzində saxlayır. Bu məqsədlə Cəsarət Əhmədov öz çıxışlarında ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısını, bu sahədə ölkə rəhbərliyinin həyata keçirdiyi gənclər və idman siyasətini daim bir örnək olaraq önə çəkir.
Qol güləşi idmanının ölkəmizdə təşəkkül tapması və inkişafı, beynəlxalq aləmdə Azərbaycanın bu idman növü üzrə ləyaqətlə təmsil olunması üçün Azərbaycan Qol Güləşi Federasiyası ötən beş il ərzində çox böyük işlər görmüş və bu işlərin nəticəsi olaraq yüksək nailiyyətlər, parlaq qələbələr əldə olunmuşdur. Təbii ki, idmanda qələbələr ilk növbədə əldə olunan medalların sayı ilə müəyyənləşdirilir. Bu baxımdan da Azərbaycan qol güləşçilərinin uğurları diqqətəlayiqdir. Belə ki, 2009-2013-cü illər ərzində qol güləşi üzrə dünya və Avropa çempionatlarında idmançılarımız 31-i qızıl, 28-i gümüş və 18-i bürünc olmaqla 77 medal qazanmışlar.
Bütün bunlar Azərbaycan Qol Güləşi Federasiyasının beynəlxalq aləmdə nüfuzunun artmasına, qurumun dünya və Avropa federasiyaları tərəfindən bərabərhüquqlu tərəfdaş kimi qəbul olunmasına səbəb olmuşdur. Təsadüfi deyildir ki, hələ 2010-cu ildə “Güclülər Liqası” telelayihəsinin açılışında iştirak etmək üçün AQGF prezidenti Cəsarət Əhmədovun dəvəti ilə Bakıya gəlmiş Avropa Armrestlinq Federasiyasının prezidenti Assen Hacıtodorov öz müsahibələrində Azərbaycanda qol güləşinin inkişafını çox yüksək qiymətləndirmişdi. Bu il isə artıq ölkəmiz qol güləşi üzrə XXIV Avropa çempionatına ev sahibliyi etmək hüququnu əldə etmişdir. Qeyd edək ki, 33 ölkədən 750 idmançının qatılacağı gözlənilən bu mötəbər yarış 18-25 may tarixlərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcəkdir. Hal-hazırda Cəsarət Əhmədovun rəhbərliyi altında xüsusi yaradılmış təşkilat komitəsi Avropa çempionatının yüksək səviyyədə keçirilməsi, xalqımıza məxsus qonaqpərvərlik ruhunun yarış iştirakçıları tərəfindən layiqincə qiymətləndirilməsi üçün müvafiq hazırlıq işləri aparır.
Cəsarət Əhmədovun fəaliyyətində diqqəti cəlb edən məqamlardan biri də budur ki, o, hər zaman gənc idmançıların təlim-tərbiyyəsi işində dini dəyərlərimizin, islami keyfiyyətlərin qorunmasına çalışır. AQGF prezidenti deyir ki, güc Allahın öz sevimli bəndələrinə bəxş etdiyi çoxsaylı nemətlərdən biridir. Təsadüfi deyildir ki, Məhəmməd Əli, Mayk Tayson və bir çox digər dünya şöhrətli idmançılar da öz karyeralarının zirvəsində olduqları zaman islamı qəbul etmişlər. Allahın aslanı kimi tanınan Həzrət Əlinin (ə.s.) isə bəşər tarixində ən güclü insan olduğu hətta qərb tarixçiləri və alimləri tərəfindən etiraf edilir. Məhəmməd peyğəmbər (s.ə.s.) insanlara aşılanmalı olan Vətən sevgisinə dair belə buyurmuşdur: “İnsanların ən yaxşısı odur ki, cəmiyyətə və xalqına fayda verir”.
Bu gün Azərbaycan Qol Güləşi Federasiyasına cəlb olunan vətənpərvər, millətini və dövlətini sevən, imanlı gənclərin sayı durmadan artır. Cəsarət Əhmədovun bu gənclər qarşısında irəli sürdüyü ən önəmli tələb isə onların hər zaman ölkə prezidenti ətrafında daha sıx birləşmələri, Vətənimizin və dövlətimizin mənafeyləri naminə hər an səfərbərliyə hazır olmalarıdır.
_______________________________________________________________________________________________