Qol güləşçiləri aprel şəhidlərini yad ediblər
Qol güləşi üzrə növbəti Azərbaycan çempionatı 2016-cı ilin aprel döyüşlərində şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə həsr edilib. Sportline.az xəbər verir ki, yarışın açılış mərasimində onların ruhuna ehtiram bildirilib, ordumzun növbəti qələbələrinə inam ifadə olunub. Avropa Armreslinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov gələcəyin əskəri olan idmançıların, Vətən uğrunda canından keçməyə daim hazır olduqlarını vurğulayıb.
Dövlət himnimiz səsləndirildikən sonra yarışlara start verilib. Budəfəki ölkə çempionatında paytaxt idmançıları ilə yanaşı, Sumqayıt, Abşeron, Xaçmaz Qusar, Qəbələ, İsmayıllı Şamaxı, Astara, Qazax, eləcə də digər şəhər və rayonlardan 150-ə yaxın idmançı qələbə uğrunda mübarizə aparıb. Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən, Cavidan Dadaşov, Elnur Allahverdiyev, Rəşad Babayev, Yalçın Rüstəmov, Elsəvər Ağayev, Rəşad Kəsəmənli, Orxan Mustafayev, Emin Rəhimov, Hüseyn Əmənli, Rövşən Ağayev, Ehtiram Kərimov, Xıdır Məmmədrzayev, Rəşad Ağayev, Elsəvər Xasıyev, Rafiq Ağababayev, Şərif İsmayılov, Rəşad İsrafilov, Renat Rəfiyev və Rüstəm Qurbanov Azərbaycan çempionu adına layiq görülüb.
Avropa Armreslinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov yarışın əhəmiyyətini yüksək qiymətləndirib: “Bu dəfəki ölkə çempionatını 2016-cı ilin aprelində Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə həsr etmişik. Eyni zamanda, bu yarış, həm də, İslam Həmrəyliyi Oyunlarına dəstək xarakteri daşıyır.”
Qeyd edək ki, növbəti ölkə çempionatını fərqləndirən cəhətlərdən biri də qarşıdakı Avropa çempionatına seçim xarakterli olması idi. 60-a yaxın idmançının qatıldığı seçim turundan qalib ayrılan 16 nəfər gələn ay Polşanın Katovitsa şəhərində keçiriləcək 27-ci qitə sınaqlarında bacarığını göstərəcək. Məlumat üçün bildirək ki, qol güləşçilərimiz ötənilki Avropa çempionatında 8-i qızıl olmaqla 15 medala layiq görülmüşdülər.
Bir cavab yazın