Azərbaycan gəncliyi ölkə prezidenti ətrafında daha sıx birləşməlidir

İdmanın inkişafı yalnız o dövlətlərdə mümkündür ki, həmin ölkədə sabitlik, əmin-amanlıq hökm sürsün…

 

Xalqımız daha bir Novruz Bayramını böyük ruh yüksəkliyi ilə qeyd etdi. Doğma Azərbaycanımıza baharın gəlişi bu dəfə də hər il olduğu kimi möhtəşəm və təntənəli oldu. Dövlət səviyyəsində keçirilən tədbirlər, təşkil olunan şənliklər isə, artıq çoxdan Novruzun ən önəmli özəlliklərindən birinə çevrilmişlər. Mart ayının 18-də Dənizkənarı Milli Parkda təşkil olunmuş ümumxalq şənliyi də ölkə rəhbərliyinin milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə göstərdiyi yüksək diqqət və qayğının daha bir nümayişi oldu. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə birgə ümumxalq şənliyinə qatılmış mötəbər xarici qonaqlar, paytaxtımızda keçirilən V Qlobal Bakı Forumunun yüksək səviyyəli iştirakçıları da dövlətimizin yenilməz milli-mənəvi dayaqlar üzərində qurulduğunun bir daha canlı şahidi oldular. Tədbirdə təbrik nitqi söyləmiş dövlət başçımız öz çıxışında məhz bu məqamı da xüsusilə vurğulamışdır. Ölkə prezidenti demişdir: “Azərbaycan dövləti möhkəm milli-mənəvi dayaqlar üzərində qurulubdur. Biz öz mədəniyyətimizi, incəsənətimizi, ana dilimizi, bayramlarımızı qoruyuruq, yaşadırıq. İyirmi beş illik müstəqillik dövrü onu göstərir ki, ancaq milli köklər üzərində qurulmuş dövlətlər uğur qazana bilər və o dövlətlərin gələcəyi var. Azərbaycan dəyərləri, milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Şadam ki, gənc nəsil də bu ruhda, vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə alır və bu gün Vətəni sevən hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Vətəni ilə fəxr edir.”

Artıq xəbər verdiyimiz kimi, Novruz şənliyində iştirak etmək üçün dəvət alanların sırasında Azərbaycan Qol Güləşi Federasiyasının rəhbərliyi və idmançıları da olublar. Əlbəttə ki, bizim milli bayramlarımızı, ümumxalq şənliklərimizi qədim tarixi olan idman oyunlarsız təsəvvür etmək belə çətindir. Bu baxımdan, qol güləşi idman növünün də bir idman oyunu olaraq ölkəmizdə qədim tarixi, ənənələri vardır. Lakin əsas məsələ bu ənənələrə malik olmaq deyil, onlara sahib çıxmaq, onları inkişaf etdirməkdir. Məhz elə bu baxımdan da Azərbaycan idmanının inkişafında ölkə rəhbərliyinin, bilavasitə ölkə prezidenti cənab İlham Əliyevin misilsiz xidmətləri vardır. Daha dəqiq desək, bu gün Azərbaycanımızın dünyanın aparıcı idman dövlətləri sırasında layiqli yer alması, idmançılarımızın dünya və Avropa çempionatlarında yüksək nailiyyətlər əldə etməsi, həmçinin ölkəmizdə mütəmadi olaraq müxtəlif idman növləri üzrə mötəbər beynəlxalq yarışların keçirilməsi birbaşa möhtərəm prezidentimizin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir.

Digər tərəfdən isə etiraf etmək lazımdır ki, istər idmanın, istərsə də ictimai-siyasi həyatın digər sahələrinin inkişafı yalnız o dövlətlərdə mümkündür ki, həmin ölkədə sabitlik, əmin-amanlıq hökm sürsün, iqtisadi inkişaf təmin edilsin. Azərbaycan isə, məhz ölkə prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində, bütün bu göstəricilər üzrə bu gün dünyanın hətta bir çox inkişaf etmiş dövlətlərindən belə irəlidədir.

Yalnız dövlətimizin, xalqımızın düşmənləri bu həqiqətləri danmağa cəhd edə bilərlər. Biz isə, sağlam Azərbaycan gəncliyi olaraq, daha parlaq gələcək naminə göstərdiyi misilsiz fəaliyyətində ölkə prezidentinə daima dəstək olmalı və onun ətrafında bundan sonra daha sıx birləşməliyik!

 

Azərbaycan Qol Güləşi Federasiyası

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir