Bütün idmançıların, bu sahədə çalışan insanların və idmansevərlərin diqqətinə!
Bu gün bütün dünyada cərəyan edən həm siyasi, həm də iqtisadi proseslər əlbəttə ki, ölkəmizin iqtisadiyyatına da təsirsiz ötüşmür. Bununla belə, danılmaz həqiqətdir ki, ölkə rəhbərliyinin, birbaşa möhtərəm prezidentimiz cənab İlham Əliyevin gərgin səyləri, həyata keçirdiyi düzgün daxili və xarici siyasəti sayəsində hazırda Azərbaycan ümumdünya iqtisadi-maliyyə böhranının təsirlərinə ən az məruz qalan ölkələrdən biridir.
Eyni zamanda da bu gün məhz bizim ölkədə orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması və bu zəmində əhalinin maddi rifahının daha da yüksəldilməsi istiqamətində addımlar atılması üçün xüsusilə geniş imkanlar, əlverişli şərait yaradılmışdır. Hesab edirəm ki, biz bu imkanlardan maksimum yararlanmalıyıq. Yaranmış vəziyyətdə az-çox imkanı olan hər kəs yeni iş yerlərinin açılması, sahibkarlıq fəaliyyətinin inkişafı məqsədilə öz potensialını, maddi imkanlarını, bacarıq və səriştəsini tam səfərbər etməlidir. Bununla da biz həm idmanımızın daha da inkişaf etməsinə, həm də qarşımıza çıxan iqtisadi çətinliklərin aradan qaldırılmasına nail olmaq imkanlarımızı xeyli genişləndirmiş olarıq. Eyni zamanda da, məhz bu yolla biz dövlət başçısına dəstəyimzi nümayiş etdirmiş olarıq və möhtərəm prezidentimizin yürütdüyü uğurlu siyasətin həyata keçirilməsinə öz kiçik tövhələrimizi verə bilərik.
Hər kəsi bu yönümdə səfərbər olmağa və ölkə prezidentinin ətrafında daha sıx birləşməyə çağırıram!
Avropa Armrestlinq Federasiyasının
vitse-prezidenti,
Azərbaycan Qol Güləşi Federasiyasının
prezidenti Cəsarət Əhmədov
Bir cavab yazın