Prezidentə dəstək olaq

snapshot11-bahar-bayrami10649533_959304514098725_2407102653860416070_n

Bizim borcumuz ölkə prezidentinə onun bütün işlərində dəstək olmaqdır

Bu bir həqiqətdsir ki, bu gün hər bir Azərbaycan vətəndaşı ölkəmizdə idmanın inkişafından böyük qürur hissi ilə danışa bilər. Əlbəttə, Azərbaycan idmanı şanlı tarixə, köklü ənənələrə malikdir. Bununla belə, birmənalı olaraq vurğulanmalıdır ki, məhz 1997-ci ildən, möhtərəm prezidentimiz cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin rəhbərliyinə gəlişindən sonra, Azərbaycan idmanı özünün yeni, keyfiyyətcə daha yüksək inkişaf mərhələsinə qədəm qoydu. Həmin ildən Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri bir an belə olsun səngiməyib. Azərbaycan idmanının tarixində ən şanlı səhifələr də məhz bu dövrdə yazılmışdır. Ötən müddət ərzində Azərbaycan sözün əsil mənasında Olimpiya ölkəsinə, dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilmişdir. Təsadüfi deyildir ki, möhtərəm prezidentimiz İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə də təltif edilmişdir.

Sevindirici haldır ki, bu gün ölkəmizdə idmanın inkişafına olan qayğı tək olimpiya idman növlərini deyil, qeyri-olimpiya idman növlərini də əhatə edir. Möhtərəm prezidentimiz cənab İlham Əliyev bu barədə deyib: “Azərbaycanda idmanın həm olimpiya, həm də qeyri-olimpiya növləri bərabər hüquqa malikdir. Heç bir ayrı-seçkilik yoxdur və bu siyasət Azərbaycanda uzun illərdir aparılır. İstər olimpiya idman növü ilə, istərsə də qeyri-olimpiya idman növü ilə məşğul olan idmançılara biz həmişə eyni gözlə baxırıq. Bu, belə də olmalıdır. Çünki hər bir idmançı beynəlxalq yarışlarda Azərbaycanın idman şöhrətini ucaldır”.

Məhz bu yanaşmanın nəticəsidir ki, Azərbaycan idmançıları hazırda  bir çox qeyri-olimpiya idman növlərində, o cümlədən bizim təmsil etdiyimiz Qol güləşi idman növündə də ən yüksək nailiyyətlərə imza atırlar. O cümlədən 01–10.10.2016-cı il tarixlərində Bolqarıstanın Blaqoyevqrad şəhərində keçirilmiş Qol Güləşi üzrə XXXVIII dünya çempionatı və XIX Para-armrestlinq üzrə dünya çempionatında Azərbaycan Qol Güləşi Federasiyasının idmançıları tərəfindən əldə olunmuş nəticələri də yüksək qiymətləndirmək olar. Ümumilikdə 60-dan çox ölkəni təmsil edən 1200 nəfərdən artıq idmançının qatıldığı bu çempionatda bizim yığma komandamız Azərbaycan Qol Güləşi Federasiyasının cəmi  9 nəfər idmançısı ilə təmsil olunmuşdu. Buna baxmayaraq, idmançılarımız Vətənə 3 qızıl, 4 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 10 medalla dönmüşlər. Qeyd etməliyəm ki, bu gün Azərbaycan Qol Güləşi Federasiyası ölkəmizdə ən işlək, dinamik inkişafda olan federasiyalardan biridir. Hazırda federasiyamızın bütün Azərbaycan üzrə 27 bölgədə 34 nümayəndəliyi fəaliyyət göstərir ki, bu nümayəndəliklərin klublarında qol güləşi ilə məşğul olan idmançılarımızın ümumi sayı 1500 nəfərə yaxındır. Böyük qürur hissi ilə deyə bilərəm ki, 2009-2016-cı illər ərzində Qol güləşi üzrə dünya və Avropa çempionatlarında idmançılarımız 59-u qızıl, 56-sı gümüş və 45-i bürünc olmaqla 160 medal qazanmışlar. Əlbəttə ki, bütün bu uğur və nailiyyətlər də ilk növbədə möhtərəm prezidentimiz cənab İlham Əliyevin Azərbaycanda idmanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğının, ümumilikdə ölkəmizdə yürüdülən son dərəcə uğurlu gənclər və idman siyasətinin sayəsində əldə olunmuşdur.

Son vaxtlar bəziləri daha çox idman sahəsində müşahidə olunan müəyyən nöqsanlardan danışmağa üstünlük verirlər. Amma iş olan yerdə, nöqsanlar da olacaq. Biz idmançılar dünyanın müxtəlif ölkələrində oluruq. Tam məsuliyyətlə deyirəm ki, hətta bir çox inkişaf etmiş dövlətlərdə bu nöqsanlar bizdə olduğundan daha çoxdur. Digər tərəfdən isə inanın ki, dünyanın heç bir ölkəsində gənclər məsələsi Azərbaycanda olduğu kimi dövlətin diqqət mərkəzində saxlanmır, bizdə olduğu qədər qayğı ilə əhatə olunmur. Bizim də borcumuz bu diqqət və qayğının müqabilində doğma Vətənimizin rifahı naminə daha əzmlə çalışmaq və ən əsası da möhtərəm prezidentimizə onun bütün işlərində daim dəstək olmaq, onun ətrafında hər zaman daha sıx birləşməkdir.

 

Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti,

Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir