AQGF rəhbərliyinin qərarı ilə iki idmançı idmandan uzaqlaşdırılmaqla cəzalandırılmışdır.

Federasiyamızın adından və nüfuzundan sui-istifadə edilməsi cəhdləri qətiyyən yolverilməz bir haldır. Bu gün Azərbaycan Qol Güləşi Federasiyasının rəhbərliyi bütün potensial və imkanları yalnız idmanımızın inkişafı uğrunda səfərbər etdiyi halda, xüsusilə yetişməkdə olan yeni, gənc idmançılar nəslinin milli-vətənpərvərlik və dövlətçiliyimizə sədaqət prinsipləri əsasında formalaşmalarını əsas məqsəd kimi qarşıya qoyduğu bir məqamda, bəziləri öz şəxsi məqsədləri naminə bu prioritetlərin əhəmiyyətini azaltmağa çalışırlar. AQGF rəhbərliyi bir daha bəyan edir ki, bu kimi cəhdlərin qarşısı hər zaman olduğu kimi qətiyyətlə alınacaq, federasiyanın ölkə qanunları əsasında müəyyənləşdirilmiş daxili qaydalarına və fəaliyyət prinsiplərinə qarşı çıxan idmançılar müvafiq qaydada cəzalandırılacaqlar.

Azərbaycan Qol Güləşi Federasiyası bu gün ölkəmizdə ən dinamik inkişaf edən, yüksək nailiyyətlərə imza atan federasiyalardan biridir. Federasiyamızın təsisçisi və prezidenti Cəsarət Əhmədovun gərgin əməyi və məhsuldar fəaliyyəti sayəsində, bu gün AQGF istər Azərbaycanda, istərsə də beynəlxalq aləmdə tanınmış və yüksək nüfuza sahib ola bilmişdir.
Təbii ki, bütün bu uğur və nailiyyətlər heç də hamı tərəfindən rəğbətlə qarşılanmır. Öz ambisiyalarının quluna çevrilmiş bəzi saxtakar və “həvəskar idmançılar” müxtəlif vasitələrlə federasiyamızın və idmançılarımızn sıralarında təfriqə yaratmağa, uğurlarımıza qara yaxmağa inkişafımıza əngəl olmağa çalışırlar. Təssüflər olsun ki, bəzi gənc və perspektivli idmançılarımız da təcrübəsizliklərinin qurbanı olaraq, belələrinin fitnəsinə uyur, öz doğru yollarından azmağa başlayırlar.
Bu yaxınlarda Rafiq Günəşov adlı daha bir “həvəskar idmançı” da federasiyamızın rəhbərliyinə qarşı belə bir təxribat cəhdinə əl atmışdır. R.Günəşov Qol güləşi üzrə Avropa çempionu Təbriz Səfərovu da qanuna-zidd əməllərə sövq edərək, onu da özü ilə birgə Polşada keçirilən kommersiya xarakterli, Dünya və Avropa Armrestlinq Federasiyaları tərəfindən tanınmamış bir yarışda iştirak etmək məqsədilə bu ölkəyə aparmışdır. Bu yarışda iştirak etmək üçün AQGF rəhbərliyinin razılığını almamağına baxmayaraq, Polşa Respublikasının səfirliyindən viza almaq üçün R.Günəşov özünü də məhz Azərbaycan Qol Güləşi Federasiyasının idmançısı kimi təqdim etmişdir. Məhz bu səbəbdən də, AQGF prezidenti Cəsarət Əhmədov dərhal Polşa Respublikasının səfirliyinə rəsmi məktubla müraciət edərək həmin şəxslərin vizalarının ləğv olunması və onların Azərbaycana geri qaytaralmaları barədə müraciət etmişdir. Diqqətinizə belə bir məqamı çatdırmaq istəyirik ki, hər hansı xarici təşkilatın və ya fərdi şəxsin Azərbaycan Qol Güləşi Federasiyasının rəhbərliyindən xəbərsiz, istənilən bir yarışda iştirak etmək üçün, ölkəmizdə hər hansı bir idmançıya dəvət göndərməyi özü-özlüyündə artıq qanunazidd bir əməldir. Çünki, istənilən halda belə bir dəvət almış şəxsin ümumiyyətlə idmançı olub-olmamasını məhz federasiya müəyyənləşdirir. Bu hüququ isə, federasiyaya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi verir və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi təsdiq edir.
Bütün bunlar nəzərə alınaraq, AQGF rəhbərliyinin qərarı ilə Rafiq Günəşov ömürlük Qol güləşi idmanından uzaqlaşdırılmışdır. Təbriz Səfərov isə bir il müddətinə idmandan uzaqlaşdırlımışdır və əgər bu müddət ərzində o, öz səhvlərini başa düşüb, özünü yenidən doğrulda biləcəksə, bu zaman yenidən idmana qayıdacaqdır.
Xüsusi olaraq bir məqamı da qeyd etmək istəyirik ki, AQGF rəhbərliyi hər zaman R.Günəşov kimi qolunu-qıçını “şişirdərək”, dinamik inkişaf edən federasiyamızın adından sui-istifadə etməyə, yetişməkdə olan yeni, gənc idmançılar nəslini düzgün yoldan azdırmağa çalışan saxta “idmançılarla” hər zaman mübarizə aparmış və bundan sonra da aparacaqdır. Təəssüflər olsun ki, belələrinə federasiyamızın ətrafında hələ də rast olunur. Lakin sıralarımızın onlardan təmizlənməsi işi də davam etdirilir və bundan sonra da davam etdiriləcək. Çünki, Cəsarət Əhmədovun amalı, məqsədi bu gənc idmançılar nəslini sağlam, milli-vətənpərvər ruhda yetişdirmək, onların xalqımızın və dövlətimizin mənafeyləri naminə möhtərəm Prezidentimizin ətrafında daha sıx birləşmələrinə nail olmaqdır! Və bu amaldan, bu əqidədən bizi heç nə döndərə bilməz.

 

AQGF200

 

 

AQGF201

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir