Dünya Armrestlinq Federasiyasının prezidenti Bakıda səfərdədir

Artıq xəbər verildiyi kimi, 2022-ci ildə keçiriləcək Qol güləşi üzrə 44-cü dünya çempionatına Azərbaycan ev sahibliyi edəcək. Bu barədə qərar Dünya Armrestlinq Federasiyasının oktyabrın 14-də, Tükiyənin Antalya şəhərində keçirilmiş növbəti konqresində qəbul edilmişdir. Qol güləşi üzrə 40-cı dünya çempionatı ilə paralel keçirilən həmin konqresdə iştirak edən 81 ölkədən 80-ni Azərbaycanın namizədliyinin leyhinə səs vermişdir.
Bununla bağlı oktyabrın 29-u və 30-da Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti Cəsarət Əhmədovun dəvətilə Dünya Armrestlinq Federasiyasının prezidenti Asen Hacıtodorov və baş katib Mirça Simyenesku-Simiçel Bakıda olmuşlar.
asen 07
asen 05
asen 06
Səfərin məqsədi 2022-ci ildə paytaxtımızda keçiriləcək 44-cü dünya çempionatı ilə bağlı aparılan ilkin hazırlıq işləri ilə tanışlıq, müəyyən texniki-təşkilati məsələlərin müzakirəsi olub.
Səfər çərçivəsində qonaqları Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov qəbul edib.
asen 04
Qəbulda Azərbaycan Qol Güləşi Federasiyasının prezidentiCəsarət Əhmədov da iştirak edib. Görüş zamanı ölkəmizdə ümumilikdə idmanın və məxsusi olaraq Qol güləşi idman növünün inkişafından bəhs edilib. Dünya Armrestlinq Federasiyasının prezidenti Asen Hacıtodorov bu yönümdə Azərbaycan Qol Güləşi Federasiyasının effektiv fəaliyyətini xüsusi olaraq qeyd edib, Cəsarət Əhmədovun rəhbərlik etdiyi bu qurumun son illər ərzində Dünya və Avropa Armrestlinq Federasiyalarının ən fəal və nüfuzlu üzvlərindən birinə çevrildiyini vurğulayıb. Həmçinin görüş zamanı 2022-ci ildə Qol güləşi üzrə 44-cü dünya çempionatının ölkəmizdə keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Asen Hacıtodorov çempionatın yüksək səviyyədə keçirilməsi üçün dövlət dəstəyinin həlledici məqam olduğunu diqqət mərkəzinə gətirib.
Daha sonra qonaqları Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qəbul edib.
asen 02
Görüş zamanı Qol güləşinin para-olimpiya və olimpiya idman növləri sırasına daxil edilməsinin mümkün perspektivləri müzakirə olunub. Asen Hacıtodorov bu barədə öz fikrini ifadə edərək bildirib ki, dünya idman ictimaiyyətində böyük nüfuza sahib olan Azərbaycan Milli Olimpiya Komitəsinin mövqeyi bu məsələnin həllində xüsusi əhəmiyyət kəsb edə bilər. Həmçinin görüşdə iştirak edən Cəsarət Əhmədov Qol güləşinin olimpiya idman növü ola biləcəyi halda, Olimpiya Oyunlarında Azərbaycanın qazandığı medal sayının kəskin artacağını da xüsusi olaraq vurğulamışdır.
Səfər çərçivəsində qonaqlar ölkənin televiziya kanallarına müsahibə vermişlər. Öz müsahibələrində Asen Hacıtodorov və Mirça Simyenesku-Simiçel Azərbaycanda Qol güləşinin inkişafı üçün yaradılan şəraitdən və görülən işlərdən xeyli məmnun olduqlarını bildirmişlər. Qonaqlar vurğulamışlar ki, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti Cəsarət Əhmədovun bu yönümdə fəaliyyəti əsil idman fədakarlığıdır. Asen Hacıtodorv demişdir: “Əminliklə və təəssüflə deyə bilərəm ki, idmanımızın inkişafı üçün bu gün bir çox dünya və Avropa ölkələrində hələ də Azərbaycanda olduğu qədər səmərəli iş görülmür. Bakıda yaradılmış möhtəşəm Qol Güləşi İdman Mərkəzi, ölkə üzrə fəaliyyət göstərən onlarla klub və nümayəndəliklər, federasiyanın müasir və gözəl ofisi – inanın ki, bütün bunlar barədə bir çox ölkələrdə idmançılar yalnız xəyal edə bilərlər. Və bütün bunlar Cəsarət Əhmədovun səyləri nəticəsində əldə olunub…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir